“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
Bakı, 18 aprel RİTOR.az
Dövlət Gömrük Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV-lər üçün “Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilir.
RİTOR.az xəbər verir ki, tədbirdə Gömrük İnzibatçılığı Baş İdarəsinin şöbə rəisi İlkin Hüseynzadə gömrük sahəsində aparılan islahatlar, gömrük orqanlarının fəaliyyəti, tətbiq edilən gömrük rüsumları barədə geniş məlumat verib.
Seminarda, həmçinin elektron ticarət, yüngül minik nəqliyyat vasitələrinin idxalı, hüquqpozmalarla mübarizə və digər aktual məsələlərlə bağlı gömrük işçilərinin məruzələri dinlənilib.
Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin şöbə rəisi İlkin Hüseynzadə bildirib ki, gömrük sərhədindən keçirilən malların şəxsin özünə və ya ailəsinə məxsus olmasını müəyyən etmək gömrük orqanlarına həvalə edilib. Onun sözlərinə görə, əgər fiziki şəxs özü və ya ailəsi üçün dərman vasitəsi gətirirsə və həqiqətən onun xəstəliyi ilə bağlı həkim resepti varsa, məbləğindən asılı olmayaraq ondan heç bir ödəniş - rüsum tutulmur.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq baş idarəsinin rəsmisi Mehriban Əsgərova isə bildirib ki, gömrük sahəsində hüquq pozmaları əsasən sərhəddən keçirilən mallarla bağlı sənədlərin düzgün doldurulmaması nəticəsində olur və bununla da gömrük qanunvericiliyi pozulur. Onun sözlərinə görə, belə hallarda gömrük qanunvericiliyinə görə məsələyə məhkəmədə baxılır: “Yəni şəxs barədə iş aidiyyəti üzrə məhkəməyə göndərilir və qanuna müvafiq qərar çıxarılır”.