ritor.az

Prezident İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

29-05-2023, 14:47 63 dəfə baxılıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.

Xəbər veririk ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirib, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğulayıb.

Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd edib, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirib. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını deyib.

Dövlət başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu deyib və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Azərbaycan Prezidenti eyni zamanda gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd edib. Dövlət başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğulayıb və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini deyib. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Səfir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək Müstəqilik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib.

Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirib. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd edib.

Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930