TDT-ə üzv ölkələrin rəqabət qurumu rəhbərlərinin iclası keçirilib
TDT-ə üzv ölkələrin rəqabət qurumu rəhbərlərinin iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana işgüzar səfər edib.
Dövlət Agentliyindən bildirilib ki, səfər çərçivəsində agentliyin nümayəndələri Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin rəqabət qurumu rəhbərlərinin II iclasında iştirak ediblər.
İclasda süni intellekt sahəsində müasir tendensiyalar və təcrübələr üzrə rəqabət siyasəti, o cümlədən rəqəmsal bazarların tənzimlənməsi, kartel sövdələşmələrinin aşkarlanması və rəqabət orqanları arasında təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.
Tədbirin açılışında Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boqlarka İlleş, Macarıstan Rəqabət Qurumunun prezidenti Ksaba Balaş Riqo və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev çıxış ediblər. Tədbirdə Azərbaycanla yanaşı, TDT-yə üzv olan digər ölkələr - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin rəqabət orqanlarının rəhbərləri də iştirak ediblər.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışı zamanı rəqabətin təmin edilməsinin hər bir ölkənin iqtisadi inkişafı üçün önəmini vurğulayıb, bu sahədə TDT ölkələri arasında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. TDT-nin ölkələr arasında mədəni, siyasi, strateji, o cümlədən iqtisadi əlaqələrin gücləndirilməsində rolu diqqətə çatdırılıb. Təşkilatın ticarət, nəqliyyat, rəqəmsal transformasiya, enerji, turizm, təhsil, mübadilə proqramları, mədəni irs və insan kapitalının inkişafı kimi sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə töhfəsindən bəhs edilib.
Qloballaşmanın gətirdiyi çağırışlar çərçivəsində rəqabətli iqtisadi mühitin qorunması və inklüziv, strateji rəqabət siyasətinin qəbul edilməsinin vacibliyindən bəhs edən agentlik sədri Azərbaycan Prezidentinin bu sahədə institusional çərçivənin gücləndirilməsi üçün atdığı mühüm addımları qeyd edib. Azərbaycanda 2024-cü ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsinin rəqabət, antiinhisar fəaliyyəti və bazar iştirakçılarının hüquq və vəzifələrinə dair geniş tənzimləyici mexanizmləri əhatə etdiyi vurğulanıb.
Görüşün yekunu olaraq iştirakçılar TDT çərçivəsində rəqabət qurumları arasında əməkdaşlığın davam etdirilməsi, kartellərlə mübarizə, eləcə də süni intellekt texnologiyaları sahələrində birgə təcrübə və bilik mübadiləsinin aparılmasını dəstəkləyiblər.
Sonda TDT ölkələrinin rəqabət qurumu rəhbərlərinin növbəti görüşünün keçirilməsi barədə birgə kommünike imzalanıb.