ritor.az

8 Noyabr - Haqqın Zəfər çaldığı gün

6-11-2022, 14:44 116 dəfə baxılıb


Hələ ötən əsrin əvvəllərindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən işğalçı Ermənistan ölkəmizin müstəqilliyinin ilk dövrlərində daxildə yaranmış hərc-mərclikdən istifadə edərək iyirmi faiz torpağımızı işğal etmişdi. Azərbaycan Respublikası təxminən 30 ilə yaxın müddətdə işğalçı Ermənistanla danışıqlar aparmağa, münaqişəni sülh yolu ilə nizamlamağa çalışsa da, beynəlxalq havadarlarına arxayın olan Ermənistan nəinki münaqişənin sülh yolu ilə həllinə razılaşıb torpaqları geri qaytarmaq istəmirdi.Əksinə, mövcud status-kvonu daha da möhkəmləndirmək, torpaqlarımızı əbədi olaraq işğalda saxlamaq istəyir, ölkəmizi “Yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdi. Heç şübhəsiz ki, erməni hərbi-siyasi dairələri bir gün hər vəchlə sərgiləmiş olduqları və onların gerçək simasına çevrilmiş olan erməni revanşizminin qurbanına çevriləcəkdilər.

Ermənistanın kompromisə gəlməməsi fonunda aparılan danışıqların səmərəsizliyi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və BMT-nin qəbul etdiyi 4 qətnamənin sadəcə kağız üzərində qalması Azərbaycan dövləti və xalqının tarixi ədaləti bərpa etmək, vətən həsrətinə son qoymaq əzmini daha da artırmışdı. Bu səbəbdən də düşmən təcavüzünə məruz qalan ölkəmiz üçün Vətən müharibəsi, doğrudan da, mühüm dönüş nöqtəsi oldu.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüz aktına cavab olaraq Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu yeni bir tarix yazdı. Müharibənin ilk günlərindən ölkə başçısının prinsipial mövqeyi və qətiyyəti, qəhrəman əsgər və zabitlərimizin canı və qanı bahasına mübarizə aparması, arxa cəbhədə vətəndaşlarımızın mənəvi dəstəyi və yüksək ruhi-psixoloji ovqatı müharibənin bizim xeyrimizə bitməsini şərtləndirən ən böyük amil oldu. Şəhid və qazilərimizin şücaəti ilə 30 il düşmən tapdağı altında qalmış torpaqlarımız azad edilərək öz həqiqi sahiblərinə qovuşdu. Ordumuz 44 gün içərisində inam və əzmlə irəliləyərək üçrəngli bayrağımızı Şuşada qaldırdı. Beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozan və elementar humanizm prinsiplərinə riayət etməyən işğalçı Ermənistan müharibə dövründə mülki əhalini hədəf alaraq ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncə şəhəri və Bərdə rayonunu raket hücumlarına məruz qoymaqla öz gerçək xislətini ortaya qoymuş olsa da, xalqımızın iradə və əzmini sındıra bilmədi. Ermənistan ordusu darmadağın edildi.

Ordumuzun sürətli irəliləyişi qarşısında tükənən, “Dəmir Yumruq” əməliyyatının onları məhvə aparacağını başa düşən Ermənistan rəhbərliyi rüsvayçı duruma düşərək 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Bununla da, 30 ildən artıq davam edən münaqişəyə son qoyuldu və beləliklə, ordumuzun qazandığı zəfər siyasi müstəvidə əldə olunan qələbə ilə tamamlandı.Qazanılan bu qələbə nəticəsində çiynimizdə yükə, qəlbimizdə dağa dönmüş olan vətən həsrəti, niskili başa çatdı.

Heç şübhəsiz ki, düşmən üzərində qazanılmış böyük zəfərin kökündə möhkəm xalq-iqtidar birliyi, ölkəmizin iqtisadi və hərbi qüdrəti, ölkə başçısının siyasi iradəsi böyük rol oynadı. Bu gün fəxrlə deyə bilərik ki, İkinci Qarabağ müharibəsində Azərbaycan orusunun istifadə etdiyi döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur, dünyanın ən məşhur hərbi institutları tərəfindən öyrənilir.

Bu gün məğlub Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müharibədən qalib dövlət kimi çıxmış və ölkə vətəndaşlarının, o cümlədən, şəhid və qazi ailələrinin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə mühüm sosial proqramlar qəbul etmişdir. Bunun nəticəsi olaraq şəhid və qazi ailələri hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olunmuş, onların mənzil şəraiti və sosial təminatı üçün mühüm işlər görülmüş, işğaldan azad edilmiş ərazilərin hesabına iqtisadi sahədə də qarşıya yeni hədəflər qoymuşdur. Artıq işğaldan azad olunmuş torpaqlarımıza "Böyük qayıdış"la yeni nəfəs gətirilmiş və mərhələli şəkildə köç başlanılmışdır. Gələcəkdə ölkə iqtisadiyyatının daha da çiçəklənməsi və iqtisadi inkişaf dinamikasının artmasında işğaldan azad olunmuş ərazilərimizin potensialının böyük olacağı şübhəsizdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edilmişdir. Artıq həmin tarixi Zəfərdən iki il ötür və Azərbaycan xalqı Zəfər Gününü tariximizin qürur günü kimi qeyd edir. Əsgər andına sədaqət nümayiş etdirən hərbi qulluqçularımız, qəhrəman əsgərlər və zabitlərimiz bu gün də ordu sıralarında vətənimizin sərhədlərində ayıq-sayıq dayanaraq vətən torpağını göz bəbəyi kimi qorumaqdadırlar. Təkcə vətən torpağının keşiyini çəkən igid əsgərlərimiz yox, həm də hər bir Azərbaycan vətəndaşı bu gün özünü qalib əsgər kimi hiss edir və Zəfər bayramının bəxtiyarlığını yaşayır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızı rəhmətlə anır, ruhları qarşısında baş əyirik.

“Optik Tikinti və Montaj” MMC- nin Direktoru
Rəşad Məmmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930