Qadınların iqtisadi imkanlarının artırılması “Coca-Cola Azərbaycan”ın əsas prioritetlərindəndir
Qadınların iqtisadi imkanlarının artırılması “Coca-Cola Azərbaycan”ın əsas prioritetlərindəndir
“Coca-Cola” şirkəti bu il Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır.
Bu barədə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova bildirib. O deyib ki, “Coca-Cola” 2025-ci ildə 30 illiyini qeyd edəcək.
Baş direktor qeyd edib ki, qadınların iqtisadi imkanlarının artırılması da şirkətin əsas prioritetlərindədir. Bu nöqteyi-nəzərdən şirkətdə bərabər əməkhaqqı prinsipi vacib amildir.
Rəna Məmmədovanın sözlərinə görə, 2023-cü ildə “Coca-Cola İçecek” (CCİ) qadın və kişi əməkdaşları arasında bərabərliyin təmin edilməsində yüksək standartları qoruduğuna görə nüfuzlu beynəlxalq “Bərabər Əməkhaqqı Sertifikatı”ına layiq görülüb.
“Coca-Cola İçecek” bu sertifikata sahib ilk istehsalçı şirkət olmaqla yanaşı, Türkiyədə fəaliyyət göstərən ilk qlobal sertifikatlı beynəlxalq və Özbəkistan, İraq, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Tacikistanda həmin sertifikata layiq görülən yeganə şirkətdir. Bu, Dayanıqlı İnkişaf Öhdəliklərinə çatmaq yolunda mühüm nailiyyətdir və CCİ-nin “Müxtəliflik və İnklüzivlik” prinsipinə sadiqliyinin sübutudur. Biz fəxr edirik ki, “Coca-Cola İçecek” Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə görə mükafatlandırılan ilk şirkət olub”, - deyə o vurğulayıb.
Qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə “Coca-Cola” şirkətinin Azərbaycanda ikinci istehsal müəssisəsinin açılması planlaşdırılır.