“Bu gün gərək hər anımız Vətən! – desin.
Qılıncımız, qalxanımız Vətən! – desin.
Ölənlərin əvəzinə,
qalanımız Vətən! – desin”.
Vətən Yer üzündə hər bir xalqın əzəli-əbədi mövcudluq məkanı, ali mənəvi dəyəridir. Hər bir insanı dünyaya gətirən Ana nə qədər uca tutulursa, Ananın da anası sayılan Vətən torpağı “Ana vətən” – deyə öyülür.
Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır.
Vətən doğma evin kandarından başlanır. Hər bir vətəndaş başa düşür ki, onun yaşadığı və təhsil aldığı yer Vətənin bir parçasıdır. Vətəni qorumaq hamımızın borcudur. Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Torpaq-uğrunda ölən varsa, Vətəndir!
Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir. Səməd Vurğunun bir kəlamını xatırlayaq: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar..." "Öncə Vətən, ikinci xalq, sonra mən" kəlamı hamımızın həyat amalıdır. Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Ünlü şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır: Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim. Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim kəsilib. Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.
Çox sevindirici haldır ki, bu gün torpağa sonsuz sevgisi olan, vətən uğrunda canından keçməyə hər an hazır olan gənc nəsil yetişir. Məhz bunun nəticəsidir ki, Azərbaycan 44 gün ərzində mümkün olmayanı bacardı. Sentyabrın 27-dən başlayan Vətən müharibəsi işğal altında olan 20 faiz ərazimizin azad olunması ilə nəticələndi.Bu Zəfərə, bu Qələbəyə görə məhz Azərbaycan Prezidentinə, Müzəffər Ali Baş Komandanımıza minnətdarıq. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Azad edilmiş hər qarış torpağımız bizim üçün çox müqəddəsdir. Azad olunan torpaq şəhid qanı ilə sulanıb. Biz bu zəfərlə gələcək nəsillərimizə böyük bir qəhrəmanlıq məktəbi yadigar qoyduq.
Mən bu sətirləri qürur hissi ilə yazıram. Müzəffər ordumuzun döyüş meydanındakı qələbəsi xalqımızın, dövlətimizin və dövlətçiliyimizin tarixi zəfəridir.
Bu gün döyüş meydanında Azərbaycan əsgəri Azərbaycan kişisinin qürurunu əzəmətini yenidən diriltdi.Azərbaycan kişisinin Cahandar ağa, Abbasqulu bəy Şadlinski, Kərbalayı İsmayıl xarakterli bir daha döyüş meydanında öz təsdiqini tapdı. 44 günlük Vətən savaşında hər birimizin qəlbi Qarabağla döyündü. Millətimiz, bütün azərbaycanlılar bir dəmir yumruq kimi birləşdi.
Vətənimizin azadlığı yolunda şəhid olan hər bir qəhrəman əsgərimizin qarşısında baş əyirik! Eşq olsun bu aslan igidləri vətənimizə bəxş edən, onları vətənpərvərlik ruhunda tərbiyə edən ata və analara!
Vaqif Həsənov
Ağdam rayon İcra Hakimiyyətin başçısı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.