Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 18 ili ərzində Azərbaycan dinamik inkişaf yolu keçib, ölkəmizdə sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Bütün bunlarla bərabər, ötən il Vətən müharibəsində qazanılan tarixi qələbə ilə ərazi bütövlüyümüzə nail olunub.
İkinci Qarabağ savaşında qələbənin əldə edilməsini bir neçə amil şərtləndirdi. Tarixi zəfər, ilk növbədə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti, özünün vurğuladığı kimi, “nəyi, necə, nə vaxt etmək lazımdır” sualına dəqiq cavab tapmaq istedadı ilə gerçəkləşdi. Bununla yanaşı, Azərbaycanın döyüş uğurunun reallaşmasında Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdətinin sarsılmazlığı önəmli rol oynadı.
Burada bir məqamı da qeyd etmək istərdik. Ermənistanın bu müharibədə rüsvayçı məğlubiyyətlə üzləşməsində düşmənin Azərbaycan xalqının Qarabağ sevgisinin, Vətən məhəbbətinin nə qədər güclü olduğunu dərk etməməsi əsas rol oynadı. Dövlətimizin başçısı çıxışlarının birində vurğuladığı kimi, “onlar bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.
İndi olduğu kimi, işğal dövründə də Azərbaycanın mövqeyi hər zaman konstruktiv olub. Ölkəmiz bu problemin tez bir zamanda həllinin tərəfdarı idi, çünki əziyyət çəkən Azərbaycan idi. Lakin Ermənistan hər vəchlə bu danışıqlar prosesini pozmaq, yaxud uzatmaqla torpaqlarımızı tapdaq altında əbədi saxlamaq məqsədi güdürdü. İşğal dövründə ərazilərimizdə böyük məbləğdə vəsait hesabına başa gələn nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğu da düşmənin bu çirkin niyyətindən xəbər verirdi. Dövlətimizin başçısı bununla bağlı deyib: “Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər. Onların taktikası, danışıqlarda iştirak etmək, müəyyən məsələlərə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaqdan, həlledici qərar verməyə gəldikdə isə geriyə addım atmaqdan ibarət idi...”.
Bizim müharibə zamanı davranışımıza gəldikdə, artıq savaşın ilk günlərindən bəlli idi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparır. Dövlətimizin başçısının hərbçilərimizə verdiyi ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Biz ərazilərimizi azad etdikcə, bu ərazilərin bir hissəsində qanunsuz məskunlaşma aparıldığını görürdük. Beləliklə, Azərbaycan Ordusunun hücum əməliyyatları və texniki vasitələrimizin yeganə hədəfləri hərbi obyektlər idi. Həmin 40 nəfər mülki erməninin böyük bir hissəsi də hərbi əməliyyatlarda iştirak edənlər idi. Bu mülki vətəndaşlar hərbi hissələrə çağırılaraq, əməliyyatlara cəlb olunmuşdular.
Bəli, bu müharibə işğalçının faşist xislətinin, barbarlığının, vandallığının göstəricisidir. Ermənistan təkcə Vətən savaşı zamanı deyil, həm də Birinci Qarabağ müharibəsində də öz vəhşiliyini göstərib. Belə ki, o dövrdə Ermənistan Azərbaycanın itkin düşən 4 min hərbçisinin bir cəsədini belə geri qaytarmayıb.
Azərbaycan Prezidenti çıxışında Azərbaycan tərəfinin humanist addımları barədə danışarkən, deyib: “Biz dəmir yolumuz vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logistika dəstəyini təmin edirik. Onlar dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu yüklərin hava yolu ilə İrəvana, oradan isə 5-6 saat avtomaşınlarla Laçın dəhlizindən daşınmasından daha tez və ucuz başa gəlir. Mən digər çoxsaylı nümunələr sadalaya bilərəm. Biz Rusiya ərazisində təmir işlərinin aparılması ilə əlaqədar “Qazprom” şirkətinə Azərbaycan üzərindən Ermənistana təbii qazın nəqlinə icazə vermişik. Biz yox da deyə bilərdik, ancaq biz buna icazə verdik. Bu da bir göstəricidir, bir jestdir. Biz Zəngilan və Qubadlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər ermənilər tərəfindən istifadə edilib. Biz buna mane olmadıq, ancaq müharibə dövründə işğal altında saxladıqları ərazilərdə bizə bir metr irəli hərəkət etməyə icazə verirdilərmi? Xeyr. Yəni, bütün bunlar birtərəfli qaydada atılmış addımlardır. Bu, təkcə jest deyil, bu, müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətdir...”.
Yeri gəlmişkən, Vətən savaşında parlaq qələbəmizi şərtləndirən bir amili də xatırlatmaq istərdik. Bu, son 18 il ərzində Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi ilə bağlı məsələdir. Belə ki, dövlətimizin başçısı prezidentlik fəaliyyətində gənclərə diqqət və qayğını daim diqqət mərkəzində saxlayıb. Buna görə də Azərbaycanda gənclik ötən dövrdə cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edib, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynayıb, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prosesinin fəal iştirakçısına çevrilib.
Azərbaycan gənclərində formalaşan yüksək vətənpərvərlik ruhu Vətən müharibəsində də özünü qabarıq büruzə verdi. Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırarkən deyib: “Döyüşlərdə iştirak edən və şəhid olan bir çox insan mən 2003-cü ildə Prezident seçiləndə uşaq idi. Ancaq Qarabağ hər zaman bütün gündəliklərin bir nömrəli məsələsi idi. Bütün tədbirlərdə - sülh və müharibə, sosial-iqtisadi inkişaf mövzularındakı tədbirlərdə Qarabağ hər zaman mənim çıxışlarımda prioritet təşkil edirdi. Bu, artıq yeni Azərbaycandır. Ermənilər bizi yaxşı tanımırdılar. Onlar 1992-ci ilin Azərbaycanı ilə döyüşəcəyini zənn edirdilər. Azərbaycan isə fərqli idi, insanlarımız fərqli idi, cəmiyyət fərqli idi, ruh yüksəkliyi başqa idi…”.
Dövlətimizin başçısı daha sonra bildirib ki, düşmən işğal dövründə və Vətən müharibəsi günlərində bizim daxilimizdə, qəlbimizdə nələrin olduğunu başa düşə bilmədi: “Onlar başa düşmədilər ki, bizim üçün Qarabağ, sadəcə, torpaq demək deyil. O, bizim ləyaqətimiz, taleyimiz və qanımızdır. Beləliklə, biz qəhrəmanlıq və cəsarət nümayiş etdirdik, axıra qədər getdik və bizi heç kəs dayandıra bilməzdi. Bilirsiniz ki, müxtəlif istiqamətlərdən bizi dayandırmaq üçün çoxlu cəhdlər oldu. Ancaq biz sona qədər getdik”.
Azərbaycan gəncliyi 30 il ərzində Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilir. Azərbaycan gəncliyi Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmir, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tutur.
Amma ermənilər bunun tam əksini düşünürdülər. Fikirləşirdilər ki, artıq Azərbaycanda yaşlı nəslin böyük hissəsi həyatda yoxdur, gənclər isə fərqli mühitdə tərbiyə alırlar. Onlar Qarabağ haqqında heç bir təsəvvürə malik deyillər. Prezident İlham Əliyev aprelin 26-da Zəngilan rayonunda səfərdə olarkən, bu barədə deyib: “... Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik...”.
Burada onu da xatırladaq ki, gənclərin vətənpərvər, azərbaycançılıq ideologiyasına sadiq yetişməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti son 18 il ərzində prioritet istiqamət kimi diqqətdə saxlanılıb. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq qələbəmiz torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimizin şücaəti, qəhrəmanlığı ilə əldə edilib.
Hazırda erməni faşizmi tərəfindən törədilən ərazilərimizin dağıntıları aradan qaldırılır. Düşməndən təmizlənən torpaqlarda tikinti-quruculuq işləri getdikcə böyük vüsət alır. Eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan tədbirlərin reallaşdırılması da xüsusi diqqətdə saxlanılır. Başqa sözlə, ölkəmiz bu sənədin tam əməli icrasına və Ermənistan-Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.
Yeri gəlmişkən, hərbi əməliyyatların bitməsindən, Vətən müharibəsində parlaq qələbəmizdən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunan rayonlara səfər etməsi dövlət başçımızın uzun illər düşmənin nəzarətində qalan və xarabalığa çevrilən yaşayış sahələrimizin bərpa-quruculuq işlərinə nə dərəcədə həssas yanaşdığın göstərir.
İşğaldan azad edilən ərazilərimizdə yeni hava limanlarının inşa olunması da bu torpaqlarda yaşayış sahələrinin salınmasının sürətlə aparılmasına, məskunlaşacaq keçmiş məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək. Aeroportların tikilməsi, təbii ki, Azərbaycanın regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək baxımından da mühüm önəm daşıyacaq.
Dr.Turxan Yusifov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.