Mehmet Nuri Ersoy: Türkiyə bu il 65 milyon turist hədəfinə çatmaqda qərarlıdır
Mehmet Nuri Ersoy: Türkiyə bu il 65 milyon turist hədəfinə çatmaqda qərarlıdır
İstanbul, 5 mart, RİTOR.az
Türkiyə bu ilin sonunadək 65 milyon turist qəbulu və 64 milyard dollar gəlir əldə etmək hədəfinə çatmaqda qərarlıdır.
RİTOR.az xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.
Türkiyənin hər il turizm sahəsində yeni rekordlara imza atdığını xatırladan nazir 2017-ci ildən indiyədək ölkədə adambaşına gecəlik turizm gəlirinin 31 faiz artaraq, 83 dollardan 108 dollara yüksəldiyini söyləyib.
Qeyd edib ki, ötən il Türkiyəyə ən çox turist Rusiya (6,7 milyon), Almaniya (6,6 milyon) və Böyük Britaniyadan (4,4 milyon) gəlib.
Turizm sektorunun bütün ölkə üzrə il boyu davam etməsi məqsədilə qastronomiya, mədəni irs və alternativ turizm məhsullarının ön plana çıxarıldığını bildirən Ersoy, arxeoloji qazıntılar və muzeylər kimi layihələrin böyük maraq gördüyünü vurğulayıb. Türkiyənin dünyada ən çox arxeoloji qazıntılar aparılan ölkə olduğunu qeyd edən nazir, 2026-cı ilə qədər qazıntı aparılan məkanların sayının 800-ə çatdırılacağını bildirib.